1941-ci il оktyаbr ayının ikinci yаrısındа Təbriz şəhərində аzаdхаhlаrın bir dəstəsi tərəfindən “Аzərbаycаn” adlı cəmiyyət yаrаdıldı. Nоyаbrın 1-də (10 aban 1320) isə Hacı Əli Şəbüstərinin və İsmayıl Şəmsin rəhbərliyi ilə həmin cəmiyyətin оrqаnı оlаraq «Аzərbаycаn» qəzеtinin birinci dövr üçün ilk nömrəsi işıq üzü gördü. 1945-ci il sentyabr ayının 3-də (12 şəhrivər 1324) isə Təbriz şəhərində Azərbaycan Demokrat Firqəsi yarandıqdan sonra “Azərbaycan” qəzeti firqənin rəsmi orqanı oldu və ikinci dövr üçün ilk sayı sentyabr ayının 5-də (14 şəhrivər 1324) Hacı Əli Şəbüstərinin redaktorluğu ilə nəşrə başladı.
“Azərbaycan” qəzetində 1945-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş 21 Azər inqilabı və onun nəticəsində təşkil edilmiş Milli Məclis və Milli hökumətin ictima, iqtisadi və mədəni sahələrdə fəaliyyəti, hə-yata keçirdiyi islahatlar, Azərbaycan Demokrat Firqəsinin azərbaycanlıların İran daxilində müxtariyyət əldə etmək və milli-demokratik hüquqlar uğrunda mübarizəsi, onun qələbəsi barədə məlumatlar və siyasi fəaliy-yətini əks etdirən gündəlik xəbərlər öz əksini tapmışdır.
Bu qəzetin məzmunu böyük tarixi əhəmiyyət kəsb edir, çünki bu günə qədər fars tarixçiləri tərəfindən Seyid Cəfər Pişəvəri və İranda bir il mövcud olmuş Azərbaycan Milli Hökuməti haqqında insanlara qərəzli və yanlış məlumatlar
verilib, hadisələrin ilkin tarixisaxtalaşdırılıb. “Azərbaycan” qəzeti səhifələrində tariximizin, şifahi xalq və milli ədəbiyyatımızın ən gözəl nümunələri çap olunmaqla adıgedən sahələrin demokratik prinsiplər əsasında inkişafına böyük təkan vermişdir. “Azərbaycan” qəzeti İrandakı azərbaycanlılara milli mənlik, milli kimlik hisslərini aşıladı, onların milli şüurunun formalaşmasında böyük rol oynadı, İran kimi çoxmillətli bir ölkədə milli-mədəni, hətta siyasi muxtariyyət əldə etmək,federativ dövlət quruluşuna nail olmaq imkanlarını təbliğ etməklə, bu təcrübəni bütün dünyaya yaydı, Azərbaycan Milli Hökumətinin həyata keçirdiyi islahat tədbirlərini təbliğ etməklə, xalqda milli dövlətçiliyə güclü inam yaratdı, onun mümkünlüyünü, qurulması yollarını, formasını sərgilədi və azərbaycançılığı İran miqyasında yaşayan digər millət və xalqlar üçün nümunə kimi ortaya qoydu.Bu qəzetin 1945-1946-cı illərdə Təbrizdə çap edilmiş 370 sayı Bakıda doktor Səməd Bairamzadə tərəfindən dörd cilddə toplanaraq çap edilmişdir.
2023-cü ilin sentyabr ayında “Azərbaycan qəzeti” kitabı “Azərbaycan Postu” qəzeti tərəfindən Toronto Universitetinin kitabxanasına hədiyyə edilib. Məqsəd qəzetin məzmunu yazıçılar, tələbələr və tarixçilər üçün əlçatan olmasıdır.
Qeyd edək ki, Toronto Universitetinin kitabxanası Kanadanın ən böyük, mühüm kitabxanalarından biri hesab olunur. Bu kitabxana yalnız tədqiqatçılar tərəfindən istifadə olunur və ictimaiyyət üçün açıq deyil.
Toronto Universitetinin kitabxanası 1973-cü ildən Kanadanın Ontario əyalətinin 17-ci Baş naziri Con Robertsin şərəfinə onun adını daşımaqdadır. Kitabxana 4,5 milyon çap mənbəsini əhatə edir.
Böyük əhəmiyyət kəsb edən sənədli “Azərbaycan qəzeti” kitabı Toronto Universiteti tərəfindən təqdirəlayiq bir səviyyədə qarşılanıb, həmçinin kitabın naşiri Səməd Bayramzadəyə təşəkkürnamə təqdim edilib.